Moskvada yaşayan Azərbaycan vətəndaşları səsvermədə iştirak edirlər - FOTO

Moskvada yaşayan Azərbaycan vətəndaşları səsvermədə iştirak edirlər - FOTO

Moskvada yaşayan Azərbaycan vətəndaşları Rusiyadakı səfirliyimizdə fəaliyyət göstərən seçki məntəqələrində səsvermədə iştirak edirlər.

APA-nın Rusiya bürosu xəbər verir ki, Moskva və Moskva ətrafı regionda daimi və müvəqqəti yaşayan, ezamiyyətdə olan Azərbaycan vətəndaşları bu gün səhər saatlarından səfirliyimizdə açılan 19 saylı Nərimanov rayonu seçki dairəsinin 42 və 43 saylı seçki məntəqələrinə gələrək səsvermə hüquqlarından istifadə edirlər.

Səhər saatlarından Moskvadakı seçki məntəqələrində seçici aktivliyi müşahidə olunur.

Qeyd edək ki, Rusiyada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının prezident seçkilərində səsvermə hüququndan istifadə edə bilmələri üçün təkcə Moskvadakı səfirliyimizdə deyil, ölkəmizin Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki Baş konsulluqlarında da seçki məntəqələri yaradılıb. Rusiyanın Şimal Qərb federal dairəsinə daxil olan regionlarda yaşayan Azərbaycan vətəndaşları Sankt-Peterburqdakı, Ural, Sibir və Uzaq Şərq dairəsinə daxil olan regionlarda yaşayan vətəndaşlarımız isə Yekaterinburqdakı Baş konsulluqlarımızda açılan seçki məntəqələrində səsvermədə iştirak edirlər.

Azərbaycandakı növbədənkənar prezident seçkiləri ilə bağlı Rusiyanın üç şəhərində fəaliyyət göstərən seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 19:00-dək açıq olacaq.