Olimpiya mükafatçısı: “Tarixi zəfər qazanmış bütöv Azərbaycan olaraq seçkilərdə iştirak edirik”

Olimpiya mükafatçısı: “Tarixi zəfər qazanmış bütöv Azərbaycan olaraq seçkilərdə iştirak edirik”

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Rafiq Hüseynov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

“Birxeber.Az” xəbər verir ki, dünya və Avropa çempionu, Yay Olimpiya Oyunlarının mükafatçısı 19 saylı Nərimanov birinci seçki dairəsinin 8 saylı məntəqəsində səs verib.

35 yaşlı güləşçi dördüncü dəfədir prezident seçkilərində iştirak etdiyini söyləyib: “Bu seçkinin önəmi çox böyükdür. İlk dəfədir ki, suverenliyini tam bərpa etmiş ölkə kimi seçki keçiririk. İşğaldan azad olunmuş ərazilərdə səsvermənin olması bunun sübutudur. Tarixi zəfər qazanmış bütöv Azərbaycan olaraq seçkilərdə iştirak edirik. Seçki məntəqəsində olarkən insanların bu prosesdə fəal iştirak etdiklərini gördüm”.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparırlar.