Seçki prosesini işıqlandıran jurnalistlər problemlə qarşılaşmayıblar - SORĞU

Seçki prosesini işıqlandıran jurnalistlər problemlə qarşılaşmayıblar - SORĞU

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

Medianın İnkişafı Agentliyindən Birxeber.Az-ya verilən məlumata görə, 7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən dəfələrlə açıqlamalar verilməsinə baxmayaraq, bəzi ekspertlər səviyyəsində ictimai rəyi yanlış istiqamətə yönləndirmək cəhdləri müşahidə olunmaqdadır. "Bu kimi əsassız iddialara cavab olaraq bir daha bildiririk ki, səsvermə günü istənilən jurnalist yalnız çalışdığı media subyektinin vəsiqəsini təqdim etməklə seçki məntəqələrində peşəkar fəaliyyətini yerinə yetirə bilər, jurnalistin informasiya əldə etmək hüququ heç bir halda məhdudlaşdırılmır. Medianın İnkişafı Agentliyi seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir", - məlumatda bildirilib.

Mətbuat Şurasından isə Birxeber.Az-ya bildirilib ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08.00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır. Saat 12.00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən MŞ-nin telefon nömrələrinə hər hansı zəng olunmayıb. Qeyd edilib ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.

Birxeber.Az İnformasiya Agentliyi media qurumlarından əməkdaşların fəaliyyəti zamanı hansısa problemlə qarşılaşıb-qarşılaşmadığını öyrənib.

“Trend” İnformasiya Agentliyindən bildirilib ki, hər şey yüksək səviyyədədir və əməkdaşlar heç bir problemlə üzləşməyib.

“Report” İnformasiya Agentliyinin Baş redaktoru Murad Əliyev deyib ki, Agentliyin Bakı və ölkənin bütün regionları üzrə çəkiliş qrupları fəaliyyət göstərir: “Heç bir problemlə qarşılaşmamışıq”.

“Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu qeyd edib ki, TV Musavat, musavat.com və minval.az saytları fasiləsiz rejimdə işləyirlər: “Bakıda 7 qrupumuz var, daha bir qrup Gəncədədir. Əməkdaşlarımız iş prosesində heç bir problemlə qarşılaşmayıblar”.

“Xəzər” televiziyasının İctimai-siyasi şöbəsinin rəhbəri İnqilab Məmmədovun sözlərinə görə, TV-nin respublika üzrə 22 çəkiliş qrupu məntəqələrdə fəaliyyət göstərir: “Bir qrupumuz isə Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərir. Heç bir problemlə qarşılaşmamışıq”.

“ARB-24” televiziya kanalından verilən məlumata görə, TV-nin 8-i bölgələr (3-ü azad olunmuş ərazilər), 3-ü xarici post və 14-ü Bakıdan olmaqla ümumilikdə 25 çəkiliş komandası MSK və müxtəlif seçki məntəqələrində səsvermənin gedişini işıqlandırır: “Bu çəkiliş qruplarının 15-i müxtəlif canlı yayım avadanlıqları ilə yerindən birbaşa yayım edərək prosesi tamaşaçılara çatdırmağa çalışır. Hazırkı saata qədər komandalarımız hər hansı məhdudiyyət və ya qayda pozuntusu ilə üzləşməyib”.

Qafqazinfo.az saytının baş redaktoru Günel Əbilova vurğulayıb ki, hazırda seçki məntəqələrində saytın iki-üç qrupu növbəli şəkildə işləyir: “Elə seçkiyə start veriləndən əməkdaşlarımız məntəqələrdə olub, hər hansı problemlə üzləşmədiklərini bildiriblər. Biz bu gün həm də bir vətəndaşıq. Həm səsimizi verib, həm də seçki prosesini izləyirik. Çalışırıq oxucularımızı seçki ilə bağlı məlumatlarla təmin edək”.

Qaynarinfo.az-ın baş redaktoru Zahir Əzəmət bildirib ki, seçki məntəqələrində iki əməkdaşları işləyir: “Əməkdaşlarımız hər hansı problemlə qarşılaşmayıblar, sərbəst şəkildə fəaliyyətlərini davam etdirirlər. Ümumilikdə redaksiyanın qaynar xəttinə də seçki ilə bağlı bu saata qədər elə bir ciddi şikayət daxil olmayıb”.

Globalinfo.az saytının rəhbəri Azər Ayxan bildirib ki, saytın siyasət yazarı Turan Rzayev növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün media təmsilçiləri ilə Qarabağa ezam olunub: “Bu gün hələ səsverməyə dəqiqələr qalmış, Turanın Xankəndidən göndərdiyi foto və videoların müşayiəti ilə saytda xəbər yerləşdirdik. İndiyə kimi nə seçicilərdən, nə müşahidəçilərdən, nə də yerli və xarici media nümayəndələrindən neqativ planda hansısa açıqlama yayılıb. Bu da deməyə əsas verir ki, seçki olduqca yüksək səviyyədə təşkil edilib. Medianın işləməsi üçün uyğun və münasib şərait yaradılıb”.

“Bizim yol” qəzetinin və saytının baş redaktoru Bahəddin Həzi deyib ki, əməkdaşları məntəqələrdə işləyir: “Hələ ki heç bir problemlə qarşılaşmamışıq. Mən özüm Bakı şəhəri Nizami rayon 24 Birinci seçki dairəsinin məntəqələrində oldum. Hər şey normal idi”.

Qeyd edək ki, Birxeber.Az-nın paytaxt Bakıda MSK və digər yerlərdə 30-a yaxın qrupu, bölgələrdə isə 20-yə yaxın qrupu növbədənkənar prezident seçkilərini işıqlandırır. Əməkdaşlarımız iş prosesində heç bir problemlə qarşılaşmayıblar.