Xocalıda səsvermə: seçici fəallığı yüksəkdir

Xocalıda səsvermə: seçici fəallığı yüksəkdir

İşğaldan azad edilən Xocalı şəhərində növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesi davam edir.

"Birxeber.Az" "Baku Tv"yə istinadən xəbər verir ki, rayonda 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin yeni yaradılan 2 seçki məntəqəsində seçicilərin sərbəst səsverməsi üçün lazımı şərait yaradılıb.

106 saylı məntəqənin sədri Sovet Allahverdiyev bildirib ki, seçicilər səsvermədə fəallıq göstərirlər: "Seçkilər şəffaf keçirilir. Artıq 230 nəfər səs verib".

Xocalı sakini Məmməd Nağıyev deyib ki, illər sonra Xocalıda səs vermək böyük sevincdir: "Çox şükür ki, müstəqil Azərbaycanımızda, ilk dəfə Qarabağımızda, doğma Xocalımızda prezident seçkilərində iştirak edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Prezident İlham Əliyevin dəmir yumruğu, mətin iradəsi sayəsində Xocalımıza qovuşmuşuq. Mənim üçün əvəzolunmaz gündür".

Xocalı sakini Nəzər Bilalov isə qeyd edib ki, ilk dəfə bütöv Azərbaycanda zəfər seçkisi keçirilir: "Bundan böyük nə sevinc ola bilər. Öz torpağımızda, bütöv Azərbaycanımızdayıq".

Qeyd edək ki, Xocalı rayonu Təzəbinə kənd orta məktəbində yerləşən 106 saylı məntəqədə 546 seçici, Əsgəran qəsəbəsindəki uşaq bağçasında fəaliyyət göstərən 107 saylı məntəqədə isə 224 seçici qeydiyyatdadır.