Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Parisdə səs veriblər 

Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Parisdə səs veriblər 

Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Fransanın paytaxtı Parisdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səs veriblər.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışında iştirak edən milli komandanın 20-dən çox üzvü Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində yaradılan seçki məntəqəsində səsvermə hüququndan istifadə ediblər.

Parisdəki seçki məntəqəsində Fransada yaşayan və müvəqqəti ezam olunan Azərbaycan vətəndaşları iştirak edirlər.

Fransadakı azərbaycanlılar səsvermədə böyük fəallıq nümayiş etdirirlər.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.