Baş katib: İlk dəfədir ki, seçkilər bütün Azərbaycanda keçirilir, bu, TDT xalqlarını da sevindirir

Baş katib: İlk dəfədir ki, seçkilər bütün Azərbaycanda keçirilir, bu, TDT xalqlarını da sevindirir

“Bizim missiya Türk Dövlətləri Təşkilatını (TDT) təmsil edir. Bu missiya iki hissəyə bölünərək seçkiləri müşahidə edir. Missiya üzvləri TDT-də təmsil olunan dövlətlərin seçki qurumlarının üzvləridirlər”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib.

O bildirib ki, TDT-nin missiyasının bir hissəsi hazırda Qarabağda, xüsusilə də Şuşa və Xankəndidə monitorinqlər aparır: “Digər qrup isə artıq səhər saatlarından Bakıda 10-dan artıq şeçki məntəqəsində monitorinqlər aparıb. Biz dünən də monitorinqlər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşlər keçirmiş, seçki prosesi ilə bağlı lazımi informasiya əldə eləmişik. Bundan başqa, bizim missiya prezidentliyə namizədlərlə, o cümlədən seçkilərdə iştirak edən hakim partiyanın nümayəndələri ilə də görüş keçirib”.

TDT Baş katibi qeyd edib ki, istənilən ölkədə prezident seçkiləri əhəmiyyətli hadisə hesab edilir: “Amma mən Azərbaycanda keçirilən bu prezident seçkilərini tarixi hadisə adlandırardım. Çünki son on illiklər ərzində ilk dəfə olaraq bizim qardaş Azərbaycanın bütün ərazilərində seçki prosesi baş tutur. Bu, təkcə Azərbaycan xalqını deyil, bütün Türk Dövlətləri Təşkilatı xalqlarını sevindirir, bu münasibətlə hər birinizi təbrik edirəm”.