Rəşad Sadıqov: "Azərbaycan üçün tarixi bir gündür"

Rəşad Sadıqov: "Azərbaycan üçün tarixi bir gündür"

“Zirə” futbol klubunun baş məşqçisi Rəşad Sadıqov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

“Birxeber.Az” xəbər verir ki, mütəxəssis 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 12 saylı məntəqəsində səs verib.

42 yaşlı çalışdırıcı seçkilərdə insanların fəal iştirakını müşahidə etdiyini bildirib: "Azərbaycan üçün tarixi bir gündür. Çünki ilk dəfədir ərazi bütövlüyünü təmin etmiş suveren ölkə kimi seçki keçiririk. Artıq Şuşada, Laçında, Xankəndidə insanlar səsvermə hüquqlarından istifadə edirlər. Bunu eşitmək qürur hissi doğurur. Xalqımız üçün xeyirli olsun".

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparırlar.