Mərkəzi Aran rayonlarında məntəqələrdə lazımi şərait yaradılıb, seçici fəallığı hiss olunur

Mərkəzi Aran rayonlarında məntəqələrdə lazımi şərait yaradılıb, seçici fəallığı hiss olunur

Mərkəzi Aran rayonlarında səhər saat 08:00-dan etibarən seçki prosesinə start verilib və seçki məntəqələri seçicilər üçün açıq elan edilib.

Birxeber.Az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, aran rayonlarının seçki məntəqələrində ilk dəqiqələrdən seçicilərin fəallığı hiss olunur.

Müşahidə apardığımız dairə seçki komissiyalarının əhatə etdiyi məntəqələr üzrə bu saata qədər hər hansı bir neqativ hal qeydə alınmayıb. Seçicilərin rahat və vaxt itirmədən səs vermələri üçün bütün məntəqələr üzrə münbit şərait yaradılıb.

Qeyd edək ki, 62 saylı Kürdəmir Dairə Seçki Komissiyasının 52 seçki məntəqəsində gün ərzində 52 162 seçicinin səs verməsi nəzərdə tutulur ki, bunların 27 374 nəfəri qadın 26 102 nəfəri isə kişilərdir. Rayonda ilk dəfə səs verən seçicilərin sayı 4 034 nəfərdir və seçkiləri 814 nəfər yerli, 2 nəfər isə xarici müşahidəçilər izləyir.

Bundan başqa, 90 saylı Ağsu Dairə Seçki Komissiyasının əhatə etdiyi 62 seçki məntəqəsində gün ərzində 52 162 seçicinin seçki hüququndan istifadə etməsi nəzərdə tutulur ki, bunların da 24 402 nəfəri kişilər, 27 758 nəfəri isə qadınlardır. Rayonda ilk dəfə səs verən seçicilərin sayı isə 3506 nəfərdir. Seçki prosesini 752 yerli müşahidəçi izləyir.

92 saylı Göyçay- Ağdaş Dairə Seçki Komissiyasının əhatə etdiyi 48 seçki məntəqəsində isə gün ərzində 52 831 seçicinin səs verməsi nəzərdə tutulur. Rayonda ilk dəfə səsvermə hüququndan istifadə edənlərin sayı 788 nəfərə bərabərdir və seçkiləri 592 yerli, 4 xarici müşahidəçi izləyir.

95 saylı Zərdab-Ucar-Kürdəmir Dairə Seçki Komissiyasının əhatə etdiyi 67 seçki məntəqəsində gün ərzində 53 150 seçicinin səs verməsi nəzərədə tutulur. Seçkiləri 950 yerli və 2 xarici müşahidəçi izləyir.

93 saylı Ağdaş Dairə Seçki Komissiyasının əhatə etdiyi 51 seçki məntəqəsində 52 592 nəfərin seçki hüququndan istifadə etməsi gözlənilir. Rayonda ilk dəfə səs verəcək seçicilərin sayı 1470 nəfərdir. Rayonun ən yaşlı seçicisinin 124 yaşı var. O, rayonun Hapıtlı kənd sakini - 1900-cü il təvəllüdlü Nəbiyeva Bari Şamı qızıdır.