Prezidentliyə namizəd Elşad Musayev: Seçkilər çox uğurlu şəraitdə davam edir

Prezidentliyə namizəd Elşad Musayev: Seçkilər çox uğurlu şəraitdə davam edir

Bu gün millətimiz və dövlətimiz üçün çox əhəmiyyətli gündür.

APA xəbər verir ki, bunu prezidentliyə namizəd Elşad Musayev deyib.

“Biz Qarabağı yağı düşməndən azad etdik, çox əhəmiyyətli bir hadisə oldu. Millətimiz öz nüfuz və qürurunu bərpa etdi. Dövlətimiz öz gücünü dünyaya nümayiş etdirdi. Biz suverenliyimizi tam şəkildə bərpa etdik. Təbii ki, yeni şərait yaranmışdı və yeni şəraitdə seçki keçirilməli idi. Hesab edirəm ki, seçkilər çox uğurlu şəraitdə davam edir. İmzatoplama kampaniyasında da, təbliğat-təşviqat dönəmində də hamı üçün bərabər şərait yarandı. Hamı öz mövqeyini izah etdi. Biz də öz mövqeyimizi izah edib, çıxışlar etdik”, - o bildirib.

Elşad Musayevin sözlərinə görə, indiki dövrdə Azərbaycan xalqı böyük əzmkarlıqla, həvəslə seçkilərə qatılıb: “Hesab edirəm ki, ölkədə bütün hakimiyyət dəyişikliyi seçkilər yolu ilə olmalıdır. Seçkilərimiz azad, ədalətli şəkildə keçirilməlidir. Bundan sonra keçiriləcək bələdiyyə, parlament seçkiləri də yenə seçici fəallığı şəraitində keçiriləcək. İndiki halda ölkəmizin prezidentini seçirik, millətimiz və dövlətimiz üçün xeyirli-uğurlu olsun”.