ATƏT/DTİHB: Qısamüddətli müşahidəçilər ərazidədirlər və müşahidələrini davam etdirirlər - FOTO - VİDEO

ATƏT/DTİHB: Qısamüddətli müşahidəçilər ərazidədirlər və müşahidələrini davam etdirirlər - FOTO - VİDEO

Növbədənkənar prezident seçkilərinin müşahidəsi ilə bağlı uzunmüddətli missiyamız dekabrda fəaliyyətə başlayıb.

Birxeber.Az xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edən missiyasının rəhbəri İoğan Mörfi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda 250-dən çox müşahidəçi Azərbaycanın müxtəlif regionlarında müşahidə aparır: “Biz bu çox vacib seçkini müşahidə etmək üçün rəsmilərin dəvəti ilə dekabrın sonunda ölkəyə gəldik. Bizim yanvarın əvvəlindən ölkə ərazisində uzunmüddətli müşahidəçilərimiz olub və onlar seçki prosesini müşahidə ediblər. Bakıdakı əsas komandamız da seçki idarəetməsində, kampaniyada iştirak edən tərəflərlə həmsöhbət olub. Bu gün bizim 250-dən çox qısamüddətli, 26 uzunmüddətli müşahidəçimiz bütün ölkə ərazisində seçki gününü müşahidə edir. Seçki günü hələ də davam edir. Qısamüddətli müşahidəçilər hələ də ərazidədirlər və müşahidələrini davam etdirirlər. Onlar işlərini yekunlaşdırdığı zaman mən seçki günü baş verənlərə dair qiymətləndirməmi təqdim edə biləcəyəm, ancaq biz hələ də prosesin ortasındayıq. Sabah mənim bu beynəlxalq müşahidəçi missiyasının xüsusi koordinatoru ilə birgə mətbuat konfransım olacaq və mən o zaman yalnız seçki günü barəsində deyil, bütün seçki kampaniyası barəsində ictimaiyyətə məlumat verəcəyəm”.

İoğan Mörfi Azərbaycanda səlahiyyətlilərlə ATƏT-in isveçrəli qısamüddətli müşahidəçisinin ölkəyə buraxılmaması ilə bağlı danışdığını bildirib.