Faiq Qarayev: "Bu seçki xalqımız üçün böyük bayramdır"

Faiq Qarayev: "Bu seçki xalqımız üçün böyük bayramdır"

Voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi, "Şöhrət" və "Əmək" ordenli Faiq Qarayev prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

"Report" xəbər verir ki, təcrübəli mütəxəssis 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 1 saylı məntəqəsində səs verib.

O, ölkənin tarixi günə şahidlik etdiyini bildirib: "Artıq torpaqlarımızı işğaldan azad etmişik. Bu seçki xalqımız üçün böyük bayramdır. Çox ölkələrdə belə təmiz və gözəl seçkilər olmur. Bütün Azərbaycanda insanlar bayram ab-havasında seçkidə iştirak edirlər. Dövlətimiz, xalqımız və gənclərimiz üçün xeyirli olsun".

Qeyd edək ki, Azərbaycanda bu gün, fevralın 7-nə növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.