Qurban Qurbanov: "Seçkilərdə sevinc hissi ilə iştirak etdim"

Qurban Qurbanov: "Seçkilərdə sevinc hissi ilə iştirak etdim"

Seçkilərdə sevinc hissi ilə iştirak etdim və səsverməyə gələn digər insanlarda da bunu gördüm.

"Report" xəbər verir ki, bunu əməkdar məşqçi, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov 17 saylı Yasamal üçüncü seçki dairəsinin 2 saylı məntəqəsində jurnalistlərə açıqlamasında deyib.

"Seçkilərdə iştirak çox əhəmiyyətlidir və mənim üçün xoş oldu. Hamımız çoxdandır bu anı gözləyirdik. Mən də səsimi verdim. Hamının çox istəkli, fəal şəkildə seçkilərdə iştirak etdiyini müşahidə edirəm. Seçicilərdə birlik, vətənə məhəbbət hiss olunur", - baş məşqçi bildirib.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.