Azərbaycan XİN rəhbəri TÜRKPA Müşahidə Missiyasının rəhbərini qəbul edib

Azərbaycan XİN rəhbəri TÜRKPA Müşahidə Missiyasının rəhbərini qəbul edib

Fevralın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müşahidə Missiyasının rəhbəri Osman Mesteni və nümayəndə heyətinin digər üzvlərini qəbul edib.

APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Məlumata görə, görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, habelə cari ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlərimiz arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb. Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb.

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri, o cümlədən Xarici İşlər Nazirliyi tərəfindən görülən tədbirlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ilk dəfə bütün ərazilərimizdə suverenliyimizin bərpasından sonra keçirilən bu seçki prosesinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin təsis edildiyi diqqətə çatdırılıb.

Missiya rəhbəri Osman Mesten qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi zəfərdən, habelə tam suverenliyinin bərpasından sonra ilk dəfə keçirilən Prezident seçkilərini müşahidə etməkdən məmnunluq duyduğunu qeyd edib. Keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın bundan sonrakı inkişafında mühüm rola malik olacağına dair əminlik ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.