Saakaşvili Gürcüstan müxalifətini prezidentliyə vahid namizəd irəli sürməyə çağırıb

Saakaşvili Gürcüstan müxalifətini prezidentliyə vahid namizəd irəli sürməyə çağırıb

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili müxalifətə bu il keçiriləcək prezident seçkilərində vahid namizəd irəli sürmələrini təklif edib.

“Birxeber.Az” xəbər verir ki, o, müxalifətdən kimin prezidentliyə namizəd ola biləcəyini təxmin edir: “Amma mənə başqalarının fikirləri də maraqlıdır”, - Saakaşvili bildirib.

O, Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilinin parlamentdə illik hesabatını müsbət qiymətləndirib. Qeyd edib ki, hesabatda ölkədəki bütün qərbyönlü qüvvələrin birləşməsinə çağırış xüsusilə önəmli məqamdır: “Oliqarx Bidzina İvanişvilinin hakimiyyəti tükənib və qarşıdan gələn seçkilərdə Gürcüstanı onun caynağından xilas etmək lazımdır”.

M.Saakaşvili İrakli Qaribaşvilinin əvəzinə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidzenin baş nazir təyin olunmasını gürcü xalqını ələ salmaq kimi qiymətləndirib.

Qeyd edək ki, M.Saakaşvili 2003-cü ildə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin devirilməsi ilə nəticələnən “qızılgül inqilabı”nın əsas ideoloqu və təşkilatçısı olub. 2004-cü ilin yanvarın 15-də keçirilən seçkilər nəticəsində Gürcüstan Prezidenti seçilib. 2013-cü ildə ikinci prezidentlik müddəti bitib və ölkəni tərk edib. O, daha sonra Ukraynaya gedib, bu ölkənin vətəndaşlığını qəbul edib və Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb.

2021-ci ilin oktyabrın 1-də Gürcüstana qayıdıb və həbs olunub. Sabiq prezident hazırda Rustavi şəhərində həbsxanada saxlanılır.