Baltikyanı ölkələrin müvəqqəti işlər vəkilləri Rusiya XİN-ə çağırılıb

Baltikyanı ölkələrin müvəqqəti işlər vəkilləri Rusiya XİN-ə çağırılıb

Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, buna səbəb Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqədər təhlükəsizlik tədbirləri ilə bağlı məsələyə Baltikyanı ölkələrin hakimiyyət orqanlarının lazımi cavab verməməsidir.

Qeyd olunub ki, bu təhlükəsizlik tədbirləri Vilnüs, Riqa və Tallindəki Rusiya səfirliklərindəki seçki məntəqələrinə aiddir.

“Biz Baltikyanı dövlətlərin təmsilçilərinə bildirdik ki, 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq və hamılıqla qəbul edilmiş beynəlxalq təcrübə əsasında diplomatik missiyaları qorumaq üçün bütün lazımi tədbirləri görmək məsuliyyəti qəbul edən dövlətlərin üzərinə düşür. Rusiya üç ölkənin hakimiyyət orqanlarından səsvermə zamanı seçicilərin, eləcə də Rusiya səfirliklərinin əməkdaşlarının təhlükəsizliyinin təmini üçün lazım olan hər şeyi etməyi istəyib”, - M.Zaxarova söyləyib.

O vurğulayıb ki, seçkilər zamanı çətinliklər yaratmaq bu ölkələrdə yaşayan ruslar arasında ciddi etiraza səbəb olacaq: "Çünki bu onların konstitusion hüquqlarının pozulmasıdır. Biz Baltikyanı ölkələrin öz öhdəliklərini yerinə yetirməsini təmin etməyə davam edəcəyik. Əgər təxribat davam edərsə, ikitərəfli kontekstdə və beynəlxalq strukturlarda qətiyyətlə hərəkət edəcəyik”.