KTN: "Azərbaycanda pambıqçılıqda yerli toxumdan istifadə genişləndiriləcək"

KTN: "Azərbaycanda pambıqçılıqda yerli toxumdan istifadə genişləndiriləcək"

Azərbaycanda pambıqçılıq sahəsində qarşıda duran əsas hədəflərdən biri əkinlərin yerli toxumlar hesabına ödənilməsidir.

Bunu “Birxeber.Az”a Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov deyib.

Onun sözlərinə görə, ölkədə hazırda pambıq əkinlərində Türkiyə istehsalı olan toxumlar daha geniş istifadə edilir: “Yerli istehsala uyğun pambıq sortlarının yaradılması, rayonlaşdırılması və toxumçuluğunun təşkili seleksiya proqramlarında hədəf kimi müəyyən edilib. Nazirliyin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda bu istiqamətdə işlər aparılır”.

İ.Cümşüdov qeyd edib ki, 2023-cü ildə ölkənin 15 rayonunda 93,7 min hektarda pambıq əkilib və bu sahələrdən 276,3 min ton məhsul yığılıb: "Ölkə üzrə sahələrin orta məhsuldarlığı 29,5 sentner/hektar təşkil edib. Ötən il 2022-ci illə müqayisədə pambıq əkin sahəsi 10 min hektar azalıb. Bunun əsas səbəblərindən biri hər il eyni sahəyə pambıq əkinlərinin aparılmasının tövsiyə edilməməsidir. Ötən təsərrüfat ilində pambıq yığımı zamanı mütəmadi yağışların yağması məhsul itkisinə səbəb olub".

Şöbə müdiri xatırladıb ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2023-cü ildə istehsal edilmiş məhsula görə fermerlərə tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonu üçün verilən məhsul subsidiyası 180 manatdan 190 manata qaldırılıb.

O, ölkədə pambıq əkinlərinin əsas hissəsinin Mərkəzi Aran rayonları olan Saatlı, Sabirabad, Ağcabədi, Beyləqan, Bərdə, İmişli, Neftçala, Ağdam, Tərtər, Yevlax, Salyan və s. rayonlarında aparıldığını bildirib.