Qlobal planşet bazarı 10 %-dən çox azalıb

Qlobal planşet bazarı 10 %-dən çox azalıb

2023-cü il ərzində dünya üzrə planşet satışları 135 milyon 254 min ədəd təşkil edib.

“Report”un “Canalys” agentliyinin hesabatına istinadən verdiyi məlumata görə, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 10,3 %-lik azalma deməkdir.

Qlobal planşet bazarının lideri (bazar payı 40 %) “Apple” şirkəti hesabat dövründə 54 milyon ədəd analoji cihaz satıb ki, bu da bir il əvvəlki göstəricidən 11 % azdır.

İkinci pillədə (bazar payı 19 % olub) qərarlaşan “Samsung”un satışları 11,5 % azalıb. Şirkət hesabat dövründə 25,6 milyon planşet satıb. Üçüncü yerdəki (6,9 %) “Lenovo” 9,31 milyon planşet satıb ki, bu da bir il əvvəlki göstəricidən 19,4 % azdır.

Növbəti yerdə (6,1 %) qərarlaşan “Huawei”nin satışları 32,1 % artıb. Nəticədə şirkət ötən il 8,31 milyon planşet sata bilib. İlk beşliyi 5,8 %-lik bazar payı ilə “Amazon” qapadır. Şirkət 7,8 milyon planşet satıb ki, bu da 2022-ci ilə nisbətən 42,9 % azdır.

Ötən ilin 4-cü rübündə tədarük olunan planşetlərin sayı 37,8 milyon ədəd olub ki, bu da bir il əvvəlki göstəricidən 11 % azdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin dördüncü rübündə “Huawei” şirkəti planşet satışlarını 95 % artıraraq ilk üçlüyə daxil olub.

“Apple”nin satışlarında 24 %-lik azalma qeydə alınsa da şirkət qlobal planşet bazarının lideri mövqeyini qoruya bilib. “Samsung” şirkətinin satışları 11 % azalıb.

Dördüncü yerə düşən “Lenovo” 15 %-lik artım nümayiş etdirərək bazar payını 2 faiz bəndi yüksəldib. “Amazon”un satışları 44 %-lik azalıb. Şirkət dünya üzrə cəmi 2 milyon planşet sata bilib.