Ötən il əhalinin 52%-i icbari tibbi sığortadan yararlanıb

Ötən il əhalinin 52%-i icbari tibbi sığortadan yararlanıb

2023-cü il ərzində əhalinin 52%-i icbari tibbi sığortadan yararlanıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 2023-cü il ərzində icbari tibbi sığorta çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəricilərinə görə, dövlət tibb müəssisələrinə 5 milyondan çox şəxs 22.3 milyon dəfə müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 52%-i icbari tibbi sığortadan yararlanıb. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 70.2 milyon olub. Tibbi xidmətlərin 86 %-i ambulator, 14 %-i stasionar şəraitdə göstərilib.

2023-cü il ərzində ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk beşliyinə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələri, Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və Sabunçu Tibb Mərkəzi daxildir.

Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sümük-əzələ sisteminin xəstəlikləri gəlir.

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara Agentliyin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Ötən il vətəndaşlara 300 137 göndəriş verilib.

2023-cü ilin yanvar-noyabr ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 155 361 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 2 857-si uşaqlara, 152 504-ü isə böyüklərə göstərilib.

Sözügedən əməliyyat və prosedurlardan 43 650-ni ürək-damar, 38 115-ni oftalmoloji, 31 097-ni invaziv radiologiya xidmətləri təşkil edib.

Məlumat üçün bildirək ki, ötən ilin avqust ayında Xidmətlər Zərfinə qaraciyər, böyrək və sümük iliyi transplantasiyası xidmətləri daxil edilib. Qeyd edilən əməliyyatlar üzrə 5 aylıq göstərici 37 təşkil edir.