Peyvənd edilməyən uşaqların bağçaya qəbulu məsələsinə aydınlıq gətirilib

Peyvənd edilməyən uşaqların bağçaya qəbulu məsələsinə aydınlıq gətirilib

Azərbaycan Respublikasının Milli Peyvənd Təqviminə uyğun olaraq peyvəndləri tam olmayan uşaqların bağçaya qeydiyyata alınmayacağı ilə bağlı məlumat yayılıb.

Məsələ ilə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” haqqında qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatında aşağıdakı sənədlər tələb edilir:

- müəssisənin müdirinin adına ərizə;

- valideynin (qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

- uşaqların mübadilə vərəqəsi;

- uşağın doğum haqqında şəhadətnaməsinin surəti;

- uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli;

- sağlamlığının vəziyyəti barədə arayış.

Bildirilib ki, mübadilə vərəqəsi - uşağın doğuşdan etibarən keçirdiyi xəstəliklər və vurulmuş peyvəndlər haqqında məlumatları özündə əks etdirən sənəddir.

“Mübadilə vərəqi də daxil olmaqla, yuxarıda qeyd edilən sənədlərdən hər hansı olmadıqda uşağın bağçaya qəbulu mümkün deyil” – məlumatda qeyd edilib.