“Nikosayağı” kimi tanınan bloger məhkəmədə özünü təqsirli bilib

“Nikosayağı” kimi tanınan bloger məhkəmədə özünü təqsirli bilib

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

"Birxeber.Az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Nicat Şakirli içkili vəziyyətdə idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib.

Daha sonra söz təqsirləndirilən şəxs Nicat Şakirliyə verilib.

Nicat Şakirli ona qarşı irəli sürülən ittihamla özünü tam təqsirli bilib: "Hadisədən əvvəl mərhum Ruslan Məmmədovla avtomobillə şəhər gəzintisinə çıxmışdıq. Tam xatırlaya bilmirəm, ancaq videoya baxandan sonra hər şey yadıma düşdü. "Joker" adlı mərkəzdə çay içib istirahət edirdik. Əslində, qəzanı törətməmişdən əvvəl içkili olmamışam. Mən içkini bir gün əvvəl barda içmişdim. Kaş Ruslan yox, mən ölərdim. Onun ailəsindən dönə-dönə üzr istəyirəm".

Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin edilib.