Juninyo: “Uşaqlıq arzumu reallaşdırmaq üçün “Qarabağ”a gəldim”

Juninyo: “Uşaqlıq arzumu reallaşdırmaq üçün “Qarabağ”a gəldim”

“Mənə təqdim olunan layihəyə və Çempionlar Liqasında oynamaq kimi uşaqlıq arzumu reallaşdırmağa görə “Qarabağ”a gəldim”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Olavio Juninyo “ojogo.pt” saytına açıqlamasında deyib.

2023-cü ilin yayında Portuqaliyanın “Çaves” klubundan transfer olunan braziliyalı hücumçu kollektivə tez uyğunlaşdığını bildirib: “Çempionlar Liqasında oynamasaq da, Avropa Liqasında mübarizə aparırıq. Özümü tamamlanmış hiss edirəm. Buradakı çıxışım uğurludur. Çünki komandaya və məşqçinin ideyalarına uyğun gəlirəm. Hər şey münasibətdən irəli gəlir. Qısa müddətdir Azərbaycanda olmağıma baxmayaraq, yaxşı uyğunlaşdım. Riçard Almeydanın uzun illərdir burada olması işimi asanlaşdırdı. Mənə köməyinə görə ona minnətdaram”.

Juninyo UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya təmsilçisi “Braqa” ilə keçiriləcək matçlara da toxunub: “Avropa Liqasının qrupunda keçirdiyimiz oyunlar bir xəyal idi. Əvvəllər yaşamadığım tam fərqli hisslər idi. İnanılmaz təcrübə oldu. Ancaq bilirik ki, avrokuboklarda asan oyun olmur. “Braqa” ilə matçlar nə bizim, nə də rəqib üçün asan keçəcək. “Braqa” yaxşı oynamağı bacaran əla komandadır. Lakin biz onları düşünmürük, oyundan-oyuna irəliləmək istəyirik”.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.