Qazaxıstanda yerli istehsal olan dronlar sınaqdan keçirilib

Qazaxıstanda yerli istehsal olan dronlar sınaqdan keçirilib

Qazaxıstan Silahlı Qüvvələrinin ehtiyacları üçün xüsusi olaraq yerli müəssisələrin nümayəndələri tərəfindən hazırlanmış pilotsuz uçuş aparatlarının ilk sınaqları ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin hərbi hissəsinin bazasında baş tutub.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bütün PUA-lar müasir videomüşahidə avadanlığı, sensorlar, məsafəölçənlər və termal kameralarla təchiz olunub:

“Pilotsuz uçuş aparatları xüsusi rezin bantdan istifadə edilərək katapultdan səmaya qalxıb, helikopter kimi şaquli olaraq yüksələrək təyyarə kimi uçuşlarını davam etdirib. Dronlar qısa müddətdə yerli müəssisələr tərəfindən yaradılıb.

Yerli istehsal şirkətləri hərbçilərin bütün tələb və istəklərini nəzərə alıb. Dronların yerli istehsal olması büdcə vəsaitlərinə əhəmiyyətli dərəcədə qənaət etməyə, onların sonrakı texniki xidmət və modernləşdirilməsi məsələlərini operativ həll etməyə imkan verəcək”, - məlumatda vurğulanıb.

Komissiya üzvləri sınaqları başa vurduqdan sonra dron tərtibatçılarına təqdim olunan modelləri necə təkmilləşdirmək barədə tövsiyələr veriblər.