Britaniya Kralı müalicəsi zamanı baş nazirlə həftəlik görüşməyə davam edəcək

Britaniya Kralı müalicəsi zamanı baş nazirlə həftəlik görüşməyə davam edəcək

Böyük Britaniya Kralı III Çarlz xərçəng xəstəliyindən müalicəsi zamanı baş nazir Rişi Sunakı həftəlik qəbul etməyə davam edəcək.

“Report” xəbər verir ki, bu barədə “Sky News” və “BBC” məlumat yayıb.

Bukinqem Sarayının daha əvvəl qeyd etdiyi kimi, həkimlər krala ambulator müalicə zamanı dövlət vəzifələrini yerinə yetirməkdən çəkinməyi tövsiyə etsələr də, o, dövlət işləri ilə məşğul olmağa və sənədlərlə işləməyə davam edəcək.

Monarxın rəsmi vəzifələrinə parlamentin qəbul etdiyi qanunları imzalamaq daxildir. Kral imzası tələb olunan sənədləri, eləcə də kabinet üzvlərinin hesabatlarını hər səhər qırmızı portfel deyilən çantada alır.

III Çarlz həmçinin ölkədə və dünyada baş verən mühüm hadisələri müzakirə etmək üçün baş naziri həftəlik Bukinqem sarayında qəbul edir. Britaniya monarxının ictimai siyasətin bütün məsələlərində neytral qalmağa borclu olmasına baxmayaraq, o, baş nazirə məsləhət vermək və kabinetin müəyyən qərarları ilə razılaşmadığı barədə xəbərdarlıq etmək hüququna malikdir.

Bu görüşlər ciddi məxfilik şəraitində keçirilir və bağlı qapılar arxasında gedən danışıqların məzmunu heç vaxt qeydə alınmır.

Sarayın qeyd etdiyi kimi, Kraliça Kamilla əri müalicə aldığı müddətdə ictimai tədbirlərdə iştirak proqramını dəyişməyi planlaşdırmır.