Dövlət Departamenti Niderlanda 908 milyon dollarlıq raketin satışını təsdiqləyib

Dövlət Departamenti Niderlanda 908 milyon dollarlıq raketin satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti ümumi dəyəri 908 milyon dollar olan “AGM-158 JASSM” dəqiq qanadlı raketlərinin Niderlanda mümkün satışını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Dövlət Departamenti Niderlanda ümumilikdə 908 milyon dollar dəyərində 120 ədəd “AGM-158/B-2 JASSM” raketləri və müvafiq avadanlıqların təhvil verilməsini təsdiqləyib.

Sazişlər həmçinin şəxsi heyətin hazırlığı, silah və müvafiq texnikanın saxlanması, maddi-texniki təminatı nəzərdə tutur.

Amerika tərəfinin fikrincə, saziş NATO müttəfiqinin təhlükəsizliyini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə nail olmağa kömək edəcək.

Ötən həftə Dövlət Departamenti həmçinin Niderlanda 386 ədəd “AGM-114R2 Hellfire” hava-yer tipli raketlər və müvafiq avadanlıqları 150 milyon dollara satmağa razılıq verib.