Kolumbiyada helikopter qəzası baş verib, ölənlər və yaralılar var

Kolumbiyada helikopter qəzası baş verib, ölənlər və yaralılar var

Kolumbiya ordusuna məxsus Blək Hauk (Black Hawk - Qara qırğı) helikopteri Panama ilə sərhəddə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə Caracol radiostansiyası məlumat yayıb.

Şoko departamentində baş verən təyyarə qəzasında 7 nəfərdən 3-ü sağ qalıb və yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, Kolumbiya ordusunun hava-hücum aviasiya diviziyasının komandanı Luis Ospina həlak olan və yaralanan pilotların ailələrinə dəstək verilməsi barədə göstəriş verib.

Blək Hauk çoxfunksiyalı ABŞ vertolyotu ilk dəfə 1987-ci ildə Kolumbiya ordusunun istifadəsinə verilib. Hazırda axtarış və xilasetmə, tibbi təxliyə və xüsusi əməliyyatlar zamanı istifadə olunur.

2017-ci ilin mart ayında Kolumbiya Milli Polisi tərəfindən əlavə 10 ədəd UH-60 helikopteri sifariş olunub. Bununla da bu qurumun silahlanmasında olan helikopterlərin sayı 19-a çatıb.