Azərbaycan şirkətləri məhsullarını “Prodexpo-2024” sərgisində təqdim edir

Azərbaycan şirkətləri məhsullarını “Prodexpo-2024” sərgisində təqdim edir

Azərbaycan şirkətləri Rusiyanın paytaxtı Moskvanın “Exposentr” Mərkəzi Sərgi Kompleksində işə başlamış qida, içkilər və onların istehsalı üçün xammalla bağlı 31-ci beynəlxalq sərgidə (“Prodexpo-2024”) iştirak edir.

“Report”un Rusiya bürosunun məlumatına görə, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Rusiya Ticarət və Sənaye Palatasının himayəsi ilə təşkil olunan sərgidə Azərbaycan daxil olmaqla, 40 ölkədən 2 145 şirkət iştirak edir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı qeyd edib ki, Azərbaycan məhsulları stendinə böyük maraq var: “Azərbaycan ənənəvi olaraq bu sərgidə iştirak edir və bu il 28 şirkət müxtəlif sənaye sahələri üzrə məhsullarını təqdim edir. Sərginin bir neçə saat əvvəl açılmasına baxmayaraq, biz Azərbaycan məhsullarına böyük marağın olduğunu görürük. Biz təşkilatçılar və şirkətlərlə “Prodexpo” sərgisində iştirakımızı necə yaxşılaşdıra biləcəyimizi artıq müzakirə etmişik”.

Artıq bir neçə ildir ki, Azərbaycan şirkətləri məhsullarını “Made in Azerbaijan” stendində təqdim edirlər. Azərbaycanda istehsal olunan məhsullar İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə nümayiş etdirilir.

Rusiyadan olan istehlakçılara qida sənayesi məhsulları, kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə-tərəvəz, şərablar, meyvə şirələri, zeytun yağı, quru meyvələr və s. təqdim olunur.