Meşə fondu torpaqlarında növbəti əkin mövsümünə start verilib

Meşə fondu torpaqlarında növbəti əkin mövsümünə start verilib

Son günlər bölgələrdə hava şəraitinin əlverişli keçməsi ölkənin bir sıra meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin aparılmasına şərait yaradıb.

"Report" xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovun sözlərinə görə, iqlim-hava şəraiti əlverişli keçən Şəmkir, Göygöl, Bərdə, Şabran, Ağsu, Ağcabədi, Sabirabad rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən növbəti əkin mövsümünə start verilib, gün ərzində ümumilikdə 9 mindən artıq ağac əkilib, 370 kiloqram toxum səpilib:

“Meşəbərpa tədbirləri zamanı hər bölgənin torpaq-iqlim şəraitinə uyğun palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş ağacları əkilir, toxumlar səpilir. Ağacəkmə aksiyalarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş əkin materiallarından istifadə olunur”, - deyə Xidmət rəisi vurğulayıb.