Mina hadisələri: Ermənistanın ifşası, vasitəçilərin səssizliyi - ŞƏRH

Mina hadisələri: Ermənistanın ifşası,  vasitəçilərin səssizliyi - ŞƏRH

Artıq bir müddətdir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində müsbət tendensiya müşahidə olunur. Həm rəsmi Bakı, həm də İrəvan bunu müxtəlif səviyyələrdə elan edirlər. Amma sülh sazişinə doğru hələ ki konkret addımlar atılmır.

Öncə onu deyək ki, münasibətlərin normallaşması istiqamətində bu günədək qeydə alınan irəliləyiş məhz Azərbaycanın səyləri nəticəsində mümkün olub. Belə ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatlarından sonra əsas əngəllərdən biri aradan qalxdı: Qarabağdakı qondarma rejim ləğv olundu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi. Bu faktorun münasibətlərin normallaşmasında müstəsna rolu oldu.

Amma bütün maneələr heç də aradan qalxmayıb. Belə ki, İrəvan bu barədə öhdəlik götürməyinə baxmayaraq, Qarabağdakı minalı ərazilərin xəritəsi Bakıya verilməyib. Mina qurbanlarının sayı isə günü-gündən artır.

Son 2 gündə - fevralın 4-də və 5-də Tərtərdə daha iki nəfər minaya düşüb. Bununla da mina qurbanlarının sayı 344 nəfərə çatıb.

Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 4-də yaydığı bəyanatda bildirib ki, Ermənistan tərəfindən yerləşdirilmiş minaların təhlükəsi həmişə olduğundan daha aktualdır.

Rəsmi İrəvan daha əvvəl minalı ərazilərin xəritəsinin Azərbaycana təhvil verilə biləcəyi barədə açıqlamalar vermişdi. Bu, özü-özlüyündə müsbət siqnaldır, amma kifayət deyil. Görünən mənzərə ondan ibarətdir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası xəritə məsələsini siyasi alış-veriş predmetinə çevirmək istəyir. Halbuki, bu, rəsmi Bakı üçün heç də keçərli variant deyil. Azərbaycanın mövqeyi aydındır: sülhün əsas şərtlərindən biri də minalı ərazilərin dəqiq xəritələrinin verilməsidir. Bunun əksi doğrudan da absurddur: necə ola bilər ki, sülh sazişi imzalansın, amma Azərbaycan vətəndaşları doğma torpaqlarına qorxa-qorxa getsinlər, mina qurbanlarının sayı artmaqda davam etsin?!

Bu baxımdan, nazirlikdən bildirildiyi kimi, minalı ərazilərin xəritəsi məsələsi aktual olaraq qalır. Nə qədər ki, topoqrafik məlumatlar Bakıya verilməyib, əlbəttə, məsələ gündəmdən düşməyəcək. Mina qurbanlarının sayının artması isə qarşılıqlı etimad mühitinin yaranmasına zərbə vuracaq. İrəvan bu reallıq barədə düşünməlidir.

XİN-in açıqlamasında ən diqqətçəkən məqamlardan biri Ermənistanın havadarlarına müraciətdir. Vurğulanıb ki, tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox insan itkilərinə və xəsarətlərə səbəb olur.

Məsələ burasındadır ki, vasitəçilik iddiasında olan, özlərini "sülh göyərçini" sayan, əslində isə Ermənistanı dəstəkləyən Fransa, ABŞ, Avropa İttifaqı (Aİ) kimi qüvvələr bu məsələyə səssiz yanaşırlar. Sanki nə görürlər, nə də eşidirlər. Bu, nəyi göstərir? Birincisi, başqa vaxt demokratiyadan, insan haqlarından ağızdolusu danışan Qərb üçün insan taleyi heç də əhəmiyyətli deyil. İkincisi, bu oyunçular sülh istəmirlər. Əgər istəsəydilər, mina xəritələrinin Bakıya verilməsi məsələsində səy ortaya qoyardılar. Üçüncüsü, sözügedən aktorlar heç də neytral deyillər. Ermənistana “gözün üstündə qaşın var” deməyən, amma Azərbaycanı ittiham etmək üçün bəhanə axtaran “vasitəçilərdən” necə obyektivlik gözləmək olar?

Hazırda zaman həm Ermənistanın, həm də onları dəstəkləyən qüvvələrin əleyhinə işləyir. Hər mina hadisəsi ilə İrəvan özünü ifşa edir, “vasitəçilər” isə “sinifdə qalır”. Bu baxımdan, Ermənistan tələsməli, siyasi iradə ortaya qoyaraq topoqrafik informasiyaları Azərbaycana verməlidir. Əks halda, sülh sazişindən danışmağa nə haqqı, nə də ixtiyarı var.