Fransa Azərbaycana qarşı aqressiyasını artırır: Parisin niyyəti nədir? - TƏHLİL

Fransa Azərbaycana qarşı aqressiyasını artırır: Parisin niyyəti nədir? - TƏHLİL

Fransa inadla Cənubi Qafqazda regional sabitliyi pozmağa davam edir. Rəsmi Paris Azərbaycanın dəfələrlə etdiyi çağırışlara məhəl qoymayaraq, Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmağa, bu ölkəyə hərbi dəstək verməyə və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləməyə çalışır.

Fransanın verdiyi bu yalançı arxayınlıq, dəstək vədi artıq Ermənistanın hərbi-siyasi rəhbərliyinin çıxışlarında da özünü büruzə verir.

Məsələn, Ermənistan Baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan son müsahibələrində Fransanın hərbi və diplomatik dəstəyini qabardıblar.

“Ermənistan müxtəlif supergüclər və digər dost ölkələr səviyyəsində yeni tərəfdaşlar əldə edib. İlk növbədə söhbət bizim əsas tərəfdaşlarımıza çevrilmiş Fransa və Hindistandan gedir, amma hələlik danışmaq istəmədiyim başqa ölkələr də var”, - Ermənistan müdafiə naziri Suren Papikyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

Ermənistan Fransadan 3 ədəd GM 200 radar sistemi, 50 ədəd “Bastion” tipli zirehli texnika satın alıb və “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair müqavilə imzalayıb. Amma bu hərbi əməkdaşlığın yalnız görünən üzüdür. Fransa 44 günlük müharibədən sonra dərin böhran içində olan Ermənistan ordusunda islahatların aparılmasına vəd verib.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin İctimai Radiosuna verdiyi müsahibəsində də bir növ təsdiqləmiş oldu. O, islahat konsepsiyasının Rusiya ilə aparılmayacağını açıq etiraf etdi.

Fransa artıq nəinki Ermənistana silah satışı həyata keçirir, islahat vədi verir, artıq birgə silah istehsalını da müzakirə edir. Mətbuatda Fransanın “Safran Group” şirkətinin Ermənistanla birgə silah və komponentlərinin istehsalına başlamağı planlaşdırması xəbəri yayılıb.

Şirkətin aviasiya komponentləri, görmə cihazları və pilotsuz uçuş aparatları (PUA) istehsal etdiyini nəzərə aldıqda, əməkdaşlığın hansı istiqamətlərdə gedəcəyi aydın olur.

Fransanın Cənubi Qafqaza nüfuz etməsi üçün istifadə olunan əsas element isə Azərbaycan-Ermənistan şərti sərhədinə yerləşdirilən Avropa İttifaqının monitorinq missiyasıdır. 2023-cü ilin fevralında Ermənistana yerləşdirilən missiya Azərbaycanla sərhəddə sabitlik və təhlükəsizlik şüarı altında fəaliyyətini genişləndirir. Avropa İttifaqı bu ilin yanvarında missiya üzvlərinin sayının 138 nəfərdən 209-a qədər artırılmasına qərar verib.

Məsələnin qəribə tərəfi, Azərbaycanla Ermənistan arasında sərhəddə sabitlik möhkəmləndikcə, sülh danışıqları davam etdikdə, missiyanın kontingentinin genişlənməsindədir. Missiyanın tərkibi də şəffaf deyil. Buraya Fransa kəşfiyyatına xidmət edən, güc strukturlarında xidmət edən şəxslər daxildir. Bu isə Aİ Monitorinq Missiyasının mülki xarakter daşıması barədə fikirləri təkzib edir.

Fransa Milli Jandarma İdarəsinin briqada generalı Uilyam De Meyerin yaxınlarda Azərbaycan-Ermənistan şərti sərhədinə baş çəkməsi, Azərbaycan ərazilərini binoklla müşahidə etməsi də Fransanın mülki missiyadan hərbi və kəşfiyyat məqsədilə istifadə etməsinə dəlalət edir. Artıq Fransa öz niyyətini gizlətməyə belə cəhd etmir.

Ardınca iki gün əvvəl Çex Respublikası vətəndaşının Azərbaycan sərhədini qanunsuz keçmək istəyərkən saxlanılması son hadisələr fonunda təsadüfi insident hesab oluna bilməz. Ötən ilin dekabrında Fransanın casus şəbəkəsinin Azərbaycanda ifşa olunması faktını da yada salsaq, regionda Azərbaycana qarşı casus hücumlarının təşkil edildiyini söyləmək olar.

Göründüyü kimi, Fransa Cənubi Qafqazda gərginlik ocağının qalmasında, regionun hərbiləşməsində, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı qeyri-müəyyənliyin qalmasında maraqlıdır. Ermənistan hökumətinin qeyri-ardıcıl, xaotik və iradəsiz siyasəti də Fransaya bu siyasətini müəyyən dərəcədə həyata keçirməyə imkan verir.

Amma istənilən halda, Azərbaycanın Fransanın regiondakı nüfuzunu neytrallaşdırmağa, regionda status-kvonun və güc balansının süni şəkildə dəyişdirilməsinə imkan verməmək üçün kifayət qədər siyasi, diplomatik və hərbi gücü var.

Birxeber.Az Analytics