Kreml amerikalı jurnalist Taker Karlsonun Moskvada olmasına münasibət bildirib

Kreml amerikalı jurnalist Taker Karlsonun Moskvada olmasına münasibət bildirib

Kreml amerikalı jurnalist Taker Karlsonun Rusiya Prezidenti Vladimir Putindən müsahibə götürmək üçün Moskvaya səfər etməsi xəbərlərinə münasibət bildirib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Karlsonun Rusiya dövlətinin başçısından müsahibə götürmək planları ilə bağlı sualı cavablandırarkən deyib ki, bu barədə məlumat verə biləcəyi bir şey yoxdur. O, Kremlin xarici jurnalistlərin Rusiyada fəaliyyətini alqışladığını söyləyib.

"Hər gün çoxlu xarici jurnalistlər Rusiya Federasiyasına gəlir, çoxları burada işləməkdə davam edir. Biz bunu alqışlayırıq. O ki qaldı prezidentin mümkün müsahibələrinə, o cümlədən xarici KİV-lərə, hazırda xəbər verəcək heç bir şeyimiz yoxdur, əgər belə planlar həyata keçərsə, sizə məlumat verəcəyik”, - deyə Peskov jurnalistlərə bildirib.

Qeyd edək ku, Rusiyanın teleqram kanalları amerikalı jurnalist Taker Karlsonun Moskvada olduğunu və fevralın 3-də axşam Böyük Teatrda “Spartak” baletində görüldüyünü yazıb.

Karlsonun Rusiya lideri ilə müsahibəsinin mümkünlüyü barədə hələ 2023-cü ilin sentyabrında, jurnalist İsveçrənin “Die Weltwoche” jurnalına müsahibəsində Rusiya prezidentindən müsahibə almağa çalışdığını, lakin ABŞ hakimiyyəti tərəfindən qadağan edildiyini bildirən zaman xəbər yayılmışdı.