Seyfullah Türksoy: "Böyük fəlakətdən sonra Türkiyəyə ilk yardımı qardaş Azərbaycan göstərdi"

Seyfullah Türksoy: "Böyük fəlakətdən sonra Türkiyəyə ilk yardımı qardaş Azərbaycan göstərdi"

Ötən il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra köməyə gələn ilk ölkə qardaş Azərbaycan oldu.

“Report”un xəbərinə görə, bunu İpək Yolu İctimai Diplomatiya Təşkilatının prezidenti, jurnalist Seyfullah Türksoy deyib.

O xatırladıb ki, dünya tarixinin ən dəhşətli fəlakətlərindən birinin yaşandığı zəlzələ zamanı Kahramanmaraş, Hatay və Adıyaman daxil olmaqla olmaqla 11 şəhər və onların rayonlarında böyük dağıntılar qeydə alınıb:

“On minlərlə insanın həyatını itirdiyi zəlzələ milyonlarla vətəndaşa zərər vurub. Fəlakətdən dərhal sonra ilk yardımı qardaş Azərbaycan göstərib. Azərbaycanın xilasedici dəstələri yüzlərlə insanı dağıntılar altından çıxarıblar. Azərbaycan xalqı bir ürək, bir yumruq kimi birləşdi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları ilə rəsmi qurumlar və ictimaiyyət zəlzələ bölgəsinə kömək üçün səfərbər oldu”.

S.Türksoy yaydığı açıqlamada Prezident İlham Əliyevin zəlzələdən sonra Türkiyə xalqına və dövlətinə dəstək bəyanatına da toxunub. O vurğulayıb ki, Türkiyə xalqı və rəhbərliyi Azərbaycan liderinin, dövlətinin və xalqının dəstəyini həmişə yüksək qiymətləndirib.

Xatırladaq ki, ötən il 6 fevralda episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan 7,7 və 7,6 bal gücündə zəlzələlər ümumilikdə 11 əyaləti əhatə edib. Böyük dağıntılara səbəb olan təbii fəlakət nəticəsində minlərlə insan həlak olub.