Milli İncəsənət Muzeyində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunub

Milli İncəsənət Muzeyində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunub

Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş “M.Ə.Rəsulzadə irsi Azərbaycanın mədəni və ictimai fikir tarixində” adlı tədbir keçirilib.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Tədbirdə Əməkdar rəssam Rais Rəsulzadə və tarix elmləri doktoru, professor Solmaz Rüstəmova – Tohidi əsas məruzəçi qismində çıxış ediblər. M.Ə.Rəsulzadənin nəvəsi, onun ailə irsinin davamçısı olan Rais Rəsulzadə babası haqqında fikirlərini bölüşərək, eyni zamanda tədbirdə nümayiş olunan muzeyin kolleksiyasına aid Xalq rəssamları Kamil Əliyev və Oqtay Sadıqzadənin M.Ə.Rəsulzadəyə həsr olunmuş portretlərindən bəhs edib.

Professor Solmaz Rüstəmova-Tohidi Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixində M.Ə.Rəsulzadənin malik olduğu rol, zəngin həyat yolu, ictimai-siyasi, ədəbi fəaliyyəti haqqında geniş danışıb.

O, eyni zamanda yeni çapdan çıxmış “II Beynəlxalq Rəsulzadə qiraətləri” kitabını muzeyə hədiyyə edib.

Daha sonra tədbirdə iştirak edən tanınmış ziyalılar, M.Ə.Rəsulzadə irsinin Almaniya və İrandan olan tədqiqatçıları məruzələr ətrafında danışaraq müzakirələr aparıblar.