Tərtərdə daha bir nəfər minaya düşüb, ayağı amputasiya edilib - YENİLƏNİB-1

Tərtərdə daha bir nəfər minaya düşüb, ayağı amputasiya edilib - YENİLƏNİB-1

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.

ANAMA-nın Mətbuat Xidmətindən Birxeber.Az-ya verilən məlumata görə, fevralın 5-də Tərtər rayonunun Həsənqaya kəndində Göyarx otlaq sahəsi adlanan ərazidə mina hadisəsi baş verib.
Keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən baş verən piyada əleyhinə mina partlayışı zamanı Tərtər rayonunun Umudlu kənd sakini 1966-cı il təvvəllüdlü Məmmədov Azər Əhməd oğlu sol ayağından xəsarət alıb.
Zərərçəkən şəxs Bərdə rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

"ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır", məlumatda deyilir.

***

12.57

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib.

Birxeber.Az-nın Qarabağ bürosu xəbər verir ki, bunu Tərtər rayon Mərkəzi xəstəxanasının cərrahı Mübariz Mahmudov deyib. Bildirib ki, minaya düşərək xəsarət alan Azər Məmmədov xəstəxanaya gətirilib, sol ayağı baldır oynağı səviyyəsində amputasiya olunub: "İlkin cərrahi yardım olundu, müalicə üçün Bərdə rayona mərkəzi xəstəxanasına göndərildi".

***

12.14

Tərtər rayon sakini minaya düşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Birxeber.Az-ya verilən məlumata görə, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

DİN-in mətbuat xidmətinin regional qrupu da hadisə barədə məlumat yayıb. Qeyd olunub ki, fevralın 5-də saat 11:45 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.

1966-ci il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu heyvan otararkən minaya düşüb. O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.

Araşdırma aparılır.