SOCAR-ın payçısı olduğu boru kəməri müəssisəsinin rəhbərliyində dəyişiklik olub

SOCAR-ın payçısı olduğu boru kəməri müəssisəsinin rəhbərliyində dəyişiklik olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 25,32 % paya malik olduğu Polşanın “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin İdarə Heyətində dəyişiklik baş verib.

“Birxeber.Az” Beynəlxalq Boru Kəməri Müəssisəsinə istinadən xəbər verir ki, müəssisənin səhmdarlarının qərarına əsasən, “PERN S.A.” şirkətinin rəsmisi kimi Bojena Knipfelberq “Sarmatiya”nın İdarə Heyətinin sədri təyin edilib. O, bu vəzifədə Pavel Vısotskini əvəz edib.

Xatırladaq ki, P.Vısotski bu ilin yanvarında “Sarmatiya”nın İdarə Heyətinin sədri təyin edimişdi. O, bu vəzifədə SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovu əvəz edib.

Qeyd edək ki, "Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsi 12 iyul 2004-cü ildə Ukraynanın “Ukrtransnafta” və Polşanın “PERN Przyjazn” şirkətləri tərəfindən yaradılıb. “Sarmatiya”nın əsas iştirakçıları SOCAR (25,32 %), Gürcüstanın Georgian Oil and Gas Corporation Ltd (GOGC) (16,09 %), Ukraynanın “Ukrtransnafta” (28,79 %), Polşanın “Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A.” (28,79 %) və Litvanın “AB Klaipedos Nafta” (1 %) şirkətləridir.

“Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin əsas işi Xəzər dənizi regionundan Avropaya resursların tədarükünə xidmətlərin göstərilməsi olacaq. Brodı-Plotsk neft boru kəməri bugünkü gün Avrasiya Neft nəqli dəhlizinin çatışmayan əsas və yeganə hissəsindən biridir. Bu layihənin reallaşdırılması nəticəsində Xəzər hövzəsi ölkələri öz neft məhsullarını Avropa bazarına çıxarmaq üçün əsas etibarlı marşrut əldə edəcəklər. Marşrutun uzunluğu 377 km təşkil edir ki, bu boru kəmərinin də 120 km məsafəsi Ukrayna, 257 km hissəsi isə Polşa ərazisində inşa ediləcək.