Bakıda IJF Akademiyasının cüdo məşqçiliyi və sertifikat proqramının açılış mərasimi keçirilib

Bakıda IJF Akademiyasının cüdo məşqçiliyi və sertifikat proqramının açılış mərasimi keçirilib

Bakıda Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyasının cüdo məşqçiliyi və sertifikat proqramının açılış mərasimi keçirilib.

“Birxeber.Az”un məlumatına görə, tədbir Azərbaycan Cüdo Federasiyası (ACF) və Milli Olimpiya Komitəsinin (MOK) birgə təşkilatçılığı ilə baş tutub.

Cüdo üzrə milli komandaların təlim-məşq mərkəzindəki mərasimə federasiya və MOK-un rəsmi nümayəndələri, həmçinin xarici ekspertlər qatılıblar.

IJF Akademiyasının direktoru Envik Qalea çıxışında təlim-məşq mərkəzi barədə müsbət fikirlər səsləndirib: "Məşqçilər bu cür federasiyaya sahib olduqları üçün şanslıdırlar. Bu, uğurlu nəticələr qazanmaq yolunda önəmli amildir. Türkiyə, Macarıstan, Gürcüstan kimi ölkələrdə bu cür nəticələri görmüşük. Hazırda IJF-nin standartlarına cavab verən ən müasir təlim-məşq mərkəzinə sahibsiniz. Yüksək performans göstərən həmkarlarıma təşəkkürümü bildirirəm. Milli federasiyaların bu baxımdan dəstəyini də xüsusi vurğulamalıyam".

Ardından fikir bildirən MOK-un beynəlxalq proqramlar idarəsinin rəisi Mehman Kərimov məşqçilərə uğurlar arzulayıb: "Belə gözəl məkanda olmaq böyük şərəfdir. Bütün diqqət qarşıdan gələn olimpiadaya yönəlib. Cüdo Azərbaycan üçün önəmli idman növlərindən biridir. Arzu edirəm ki, cüdoçularımız olimpiadada Azərbaycanın şərəfini layiqincə qorusunlar".

Daha sonra söz ACF-nin baş katibi Rəşad Rəsulluya verilib: "Məşqçilərin və idmançıların təhsili cüdo fəlsəfəsinin əsas prinsipini təşkil edir. İlk gördüyümüz iş də IJF ilə bu yöndə əməkdaşlığa başlamaq oldu. Bütün federasiyalara bu cür şərait yaratdığı üçün Beynəlxalq Cüdo Federasiyasına təşəkkür edirəm. Seminarlarda verilən təhsilin artıq müsbət təsirlərini görürük. Mütəxəssislərimiz bununla çatışmazlıqları aradan qaldırırlar. Əminəm ki, proqramda iştirak edən məşqçilər şənbə günü sertifikat ala biləcəklər. Bu layihənin həyata keçirilməsində önəmli rol oynayan Milli Olimpiya Komitəsinə də təşəkkürümü bildirirəm".