“Lufthansa”nın işçiləri bir günlük tətil elan edəcək

“Lufthansa”nın işçiləri bir günlük tətil elan edəcək

Almaniyanın ən nəhəng hava yolu şirkəti “Lufthansa”nın yerdə çalışan işçiləri bir günlük tətil elan edəcək.

APA “Deutsche Welle”yə istinadən xəbər verir ki, “Verdi” həmkarlar ittifaqı Almaniyanın bir sıra əsas hava limanlarında çərşənbə günü bir günlük tətil çağırışı edib. Tətilin Frankfurt da daxil olmaqla Münhen, Hamburq, Berlin və Düsseldorf hava limanlarının fəaliyyətinə ciddi təsir edəcəyi bildirilir.
7 fevralda başlayacaq tətil 8 fevral səhər saat 07:10-dək davam edəcək.


“Sərnişinlər və təyyarələrlə məşğul olan bütün quru heyəti tətil elan edəcəyindən, ehtimal ki, uçuşların ləğvi və gecikməsinə səbəb olacaq”, - “Verdi” həmkarlar ittifaqının bəyanatında bildirilib.
Tətil qərarı “Lufthansa” ilə təxminən 25 min işçini təmsil edən “Verdi” arasında müzakirələrdən sonra qəbul edilib.


Bildirilib ki, “Lufthansa” rəhbərliyinin maaş artımı təklifi aşağı olması səbəbilə “Verdi” tərəfindən rədd edilib. Həmkarlar ittifaqı maaşların 12,5% artırılmasını və ya ən azından 500 avro artım edilməsini, əlavə olaraq inflasiyaya görə 3000 avro birdəfəlik ödənişi tələb edir. Tətilin xəbərdarlıq mahiyyəti daşıdığı, “Lufthansa” hava yolu şirkətinə işçilərin tətilinin nə qədər dağıdıcı təsiri olduğunu göstərərək təzyiq etmək məqsədi daşıdığı bildirilib.


Qeyd edək ki, “Verdi” Almaniyanın ən böyük həmkarlar ittifaqı təşkilatlarından biridir və müxtəlif sahələrdən olan işçiləri təmsil edir. Təşkilat ötən həftə ölkənin ictimai nəqliyyat işçilərini də bir günlük tətilə çağırıb.