Gürcüstan parlamenti yeni hökumətə etimad prosedurlarına başlayır

Gürcüstan parlamenti yeni hökumətə etimad prosedurlarına başlayır

Gürcüstan parlamentində bu gündən yeni hökumətə etimad göstərilməsi prosedurlarına start veriləcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament komitələrində, fraksiya və siyasi qruplarda aparılan müzakirələrdən sonra məsələ plenar sessiyaya çıxarılacaq.

Hakim “Gürcü Arzusu” partiyasının baş nazirliyə namizədi İrakli Kobaxidze hökumətin proqramını cümə axşamı deputatlara təqdim edəcək və daha sonra etimad səsverməsi keçiriləcək.

Gürcüstan hökumətinin yenilənmiş fəaliyyət planında ölkənin Avropa istiqamətində səylərinin davam etdiriləcəyi, strateji tərəfdaşlarla intensiv əlaqələr və vətəndaşlara qayğı yer alıb. Həmçinin ölkədə sabitlik və təhlükəsizlik, suverenliyin gücləndirilməsi, Rusiya-Gürcüstan münaqişəsinin dinc yolla həlli və Gürcüstanın ərazi bütövlüyünün bərpası kimi prioritet istiqamətlərin dəyişmədiyi, bütün önəmli layihələrin və təşəbbüslərin davam etdiriləcəyi qeyd olunub.