Ekspert: “Aİ Cənub Qaz Dəhlizinin genişləndirilməsinə investisiya qoyuluşunun zəruriliyini başa düşüb”

Ekspert: “Aİ Cənub Qaz Dəhlizinin genişləndirilməsinə investisiya qoyuluşunun zəruriliyini başa düşüb”

Artıq 6 aydır ki, davam edən Ukrayna müharibəsinin uzanması ilə Avropa üçün enerji təhlükəsizliyi məsələlərində etibarlı tərəfdaş kimi Azərbaycanın rolu getdikdə daha da artmaqdadır.

“Birxeber” xəbər verir ki, Ukraynadakı müharibə səbəbindən Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiya qazından tədricən imtina etməyi nəzərdə tutur. Bununla əlaqədar olaraq, öz enerji təhlükəsizliyi ilə bağlı daha çox narahat olmağa başlayan Qərb alternativ qaz nəqli yolları tapmağa çalışır. Bu yollardan biri də Azərbaycandır.

Cənub Qaz Dəhlizi (SGC) vasitəsilə artıq İtaliyaya təbii qaz ixrac edən Azərbaycan dəfələrlə bu marşrutla nəqlin artırılması haqqında danışıb.

“Azərbaycan təbii qaz ixracı həcmlərini artırmaq potensialına malikdir. Hazırda bu məsələ ilə bağlı avropalı həmkarlarla aktiv müzakirələr aparılır. Biz tezliklə Cənub Qaz Dəhlizi ilə qaz nəqlinin ikiqat artırılmasını gözləyirik” – Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bir müddət əvvəl bildirib.

Bundan bir ay sonra Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı.

“Bu gün imzalanan memorandum əməkdaşlığımızı daha da gücləndirəcək. Bu sənəddən üç məqamı xüsusi qeyd etmək istərdim. Birincisi, biz Azərbaycandan Aİ-yə təbii qaz nəqlini artırmağı planlaşdırırıq. Bu memoranduma əsasən, biz Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqik. Bu, Aİ üçün çox vacib təchizat marşrutudur. Biz yaxın bir neçə ildə onun ötürücülük gücünü ildə 20 milyard kubmetrə çatdırmaq niyyətindəyik.

Memorandumun ikinci mühüm məqamı bərpa olunan enerji mənbələri məsələsidir. Azərbaycan bərpa olunan enerji sahəsində böyük potensiala malikdir.

Nəhayət, təbii qaz sahəsində əməkdaşlığımız ətraf mühitin qorunması üzrə öhdəliklərimizə uyğun olmalıdır”, - Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen sənədin imzalanması zamanı bildirib.

Bunu şərh edən ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza vurğulayıb ki, Aİ-nin əsas ölkələrinin SGC-ni genişləndirmək niyyətində olduğu artıq bir neçə aydır bəllidir.

“Bunun üçün Avropa İttifaqı və şirkətləri təbii qaz infrastrukturuna investisiya yatırmalıdır. Bu investisiya yatırımı təkcə SGC-nin Avropa seqmenti ilə məhdudlaşmamalı, həm də Cənubi Qafqaz Qaz Boru kəməri (SCP) və Trans-Anadolu Qaz Boru kəmərinin (TANAP) genişlənməsini əhatə etməlidir”, - Brayza deyib.

Azərbaycan ilə memorandum imzalanmamışdan əvvəl Aİ təbii qazdan istifadənin istixana qazı tullantılarına (CO2) səbəb olduğunu əsas gətirərək qaz nəqli infrastrukturuna investisiya yatırılmasına bir qədər ehtiyatla yanaşırdı. Lakin artıq hamı anlayır ki, qarşıdakı bir neçə onillik ərzində keçid dövrü yanacağı kimi təbii qaza tələbat qalacaq.

Başqa sözlə, Aİ təbii qazın istehlakını azaltmaq istəsə də, SGC-nin genişlənməsinə investisiya yatırılması zərurətini də başa düşür”, - Metyu Brayza bildirib.

Bolqarıstanın Baş naziri Kirill Petkov da ölkəsinin Azərbaycan təbii qazına ehtiyac duyduğu barədə danışmışdı. O bildirmişdi ki, Azərbaycan artıq razılaşdırılmış 1 milyard kubmetrə əlavə olaraq Bolqarıstana ilik 0,5 – 1 milyard kubmetr qaz nəql etməyə hazırdır. “Lakin biz hələ bu qazın Bolqarıstana çatdırılması yolunu tapmalıyıq”, - Petkov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra ölkəsinin mətbuatına müsahibəsində deyib.

Brayza bildirib ki, Azərbaycandan 1 milyard kubmetr təbii qaz idxal etmək imkanı çox cəlbedicidir, belə ki, bu, sadəcə Rusiya qazının idxalı ilə bağlı çatışmazlığı aradan qaldırmayacaq, həm də ölkənin özəl sektorunun inkişafına öz töhfəsini verəcək, bu da daha səmərəli iqtisadiyyat üçün zəruridir.

Brayza boru kəmərinin çəkilməsinin çox vaxt aparmayacağını, ixrac etmək üçün əlavə qaz mənbələrinin tapılmasına daha çox vaxt tələb olunacağını vurğulayıb. “Azərbaycan çox güman ki, 2027-2028-ci ilədək ixrac üçün əhəmiyyətli yeni qaz həcmlərinə malik olmayacaq”, - o bildirib və bu yanacağın hasilatı üçün yeni obyektlərin aşkarlanması və işə salınmasına vaxt tələb olunacağını əlavə edib.

Onu da qeyd etmək lazımdır ki, Aİ-nin çətin vəziyyətdə olduğunu göstərən daha bir addım enerji təchizatından daim silah kimi istifadə edən Rusiya qazının tədarükündə yarana biləcək fasilələrə hazırlaşmaq üçün qış ərəfəsində qənaət etmək məqsədilə qış fəslində təbii qaza olan tələbin könüllü şəkildə 15% azaldılması haqqında yaxın günlərdə razılaşdırılmış siyasi qərardır.

Beləliklə, qaz hasilatına və nəqlinə maliyyə qoyuluşunun artırılması ilə Azərbaycan təbii qazı Aİ-nin enerji təchizatının təmin olunmasında daha böyük əhəmiyyət kəsb edə bilər.

“Birxeber” analitika qrupu