Sudan səmərəli istifadə ilə bağlı “Bir damcı” kampaniyasına başlanılıb
Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə məqsədilə “Bir damcı” adlı maarifləndirici təşviqat kampaniyası başlanılıb.
“Birxeber” xəbər verir ki, kampaniya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Kampaniyada su mənbələrinin dəyərinin dərk edilməsi, sudan qənaətli istifadə vərdişlərinin aşılanması və bunların sayəsində gələcək nəsillərin su ilə təmin olunmasında yaşana biləcək təhlükələrin qarşısının alınmasının vacibliyi vurğulanır.
Bir neçə mərhələdə həyata keçirilməsi planlaşdırılan kampaniyanın birinci mərhələsi “Bir damcı öyrənək” adı altında reallaşır.
Belə ki, hər gün istifadə edilən suyun mənzillərə, ofislərə gəlib çatana qədər keçdiyi uzun və çətin yolu insanlara çatdırır.
Beləliklə, hər kəsin də evində rahatlıqla əldə etdiyi içməli su müxtəlif təmizləmə, zərərsizləşdirmə, laboratoriya testləri və s. bir sıra proseslərdən keçib gəlir. Bütün bu proseslər ən müasir avadanlıqlarla təchiz edilmiş qurğularda həyata keçirilir və onların quraşdırılması böyük maliyyə vəsaiti və insan resursları hesabına mümkün olur.
Kampaniya barədə ətraflı məlumatı
Qeyd edək ki, kampaniyanın kommunikasiya strategiyası “Maverick” kommunikasiya agentliyi tərəfindən hazırlanıb, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən həyata keçirilib.
Xatırladaq ki, Cənubi Qafqazın ümumi su ehtiyatının cəmi 10%-i ölkəmizin payına düşür. Bundan əlavə yerüstü su ehtiyatlarımızın böyük bir hissəsi transsərhəd çaylar hesabına formalaşır və şirin su ehtiyatlarımızın 70-72%-i ölkə hüdudlarından kənarda formalaşır.
Azərbaycanın içməli su təminatında yaşana biləcək hər hansı bir çətinlik də ilk növbədə coğrafi amillər ilə bağlıdır.