Britaniya XİN rəhbəri: “Zaman Kiyev və onun müttəfiqlərinin tərəfindədir”

Britaniya XİN rəhbəri: “Zaman Kiyev və onun müttəfiqlərinin tərəfindədir”

Qərb siyasətçiləri və mediası Ukraynadakı münaqişənin perspektivləri ilə bağlı bədbin bəyanatlardan çəkinməlidir, çünki zaman Kiyev və onun müttəfiqlərinin tərəfindədir.

“Report” xəbər verir ki, bu fikri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron “The Sunday Times” qəzetinə müsahibəsində bildirib.

“Biz durğunluqdan və zamanın Ukraynanın tərəfində olmadığından danışmağı dayandırmalıyıq. İqtisadiyyatımız Rusiyadan 25 dəfə böyükdür və biz vaxtın tərəfimizdə olduğunu nümayiş etdirmək iqtidarındayıq”, - deyən nazir, Rusiyanın münaqişəyə girməklə artıq “böyük strateji məğlubiyyət”ə düçar olduğunu bəyan edib.

Onun sözlərinə görə, bu fikri noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrinə görə Ağ Evə qayıdacağı təqdirdə Donald Trampa çatdırmaq niyyətindədir:

“Şəxsi müstəvidə Trampla qarşılıqlı əlaqə ABŞ-ın hazırkı prezidenti Co Baydendən fərqli şəkildə qurulmalı olacaq. Bununla belə, ABŞ və Britaniyanın hərbi və kəşfiyyat rəsmiləri birlikdə işləməyə öyrəşiblər. İki ölkənin dəyərləri və bir çox problemlərə yanaşmaları da çox oxşardır. Nə ilə məşğul olmağımızdan asılı olmayaraq, biz bunun öhdəsindən gələ bilərik”.