Vüsal Qasımlı: "2025-ci ilədək adambaşına qeyri-neft ixracı 450 dollar olacaq"

Vüsal Qasımlı: "2025-ci ilədək adambaşına qeyri-neft ixracı 450 dollar olacaq"
"Qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından bu il 260 ABŞ dollarına çatması demeyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları hədəfinə nail olunması mümkündür".
birxeber.az bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin hazırlanmasına, icrasına, monitorinq və qiymətləndirilməsinin aparılmasına dövlət büdcəsindən heç bir əlavə maliyyə vəsaiti ayrılmayıb və dövlət qurumları bütün tədbirləri onlara ayrılmış büdcə vəsaitləri çərçivəsində həyata keçiriblər.
“Strateji yol xəritələrinin 2017-2020-ci illər üzrə icra vəziyəti aşağıdakı kimi olub: milli iqtisadiyyat perspektivi üzrə 82 %, aqrar sənaye və maşınqayırma üzrə 80 %, uyğun qiymətə mənzil təminatı üzrə 88 %, telekommunikasiya və informasiya texnologiyaları üzrə 85 %, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə 77 %, ixtisaslaşmış turizm sənayesi üzrə 74 %, peşə təhsili və təlimi üzrə 68 %, kommunal xidmətlər üzrə (elektrik və istilik enerjisi, su və qaz) 91 %, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə 88 %, logistika və ticarət üzrə 69 %, maliyyə xidmətləri üzrə 80 %, neft-qaz sənayesi üzrə (kimya məhsulları daxil olmaqla) 77 % icra olunub“, - o qeyd edib.