Ağdam şəhərində yeni yaradılan seçki məntəqəsinin sədri: "Bu, Azərbaycan xalqının zəfər seçkisidir"

Ağdam şəhərində yeni yaradılan seçki məntəqəsinin sədri: "Bu, Azərbaycan xalqının zəfər seçkisidir"

30 ildən sonra Ağdam şəhərində keçiriləcək seçki Azərbaycan xalqının zəfər seçkisidir.

Bunu "Report"un Qarabağ bürosunun şəhərə ezam olunan əməkdaşına açıqlamasında 118 saylı Ağdam şəhər seçki dairəsinin rayonun işğaldan azad olunan ərazisində yeni yaradılan 58 saylı seçki məntəqəsinin sədri Arif Hacıyev bildirib.

Məntəqə "Azərişıq" ASC-nin 1 saylı elektrik paylayıcı şəbəkəsinin binasında yaradılıb. Məntəqənin yerləşdiyi binanın həyətində seçki təbliğat lövhəsi qurulub. Orada prezidentliyə namzədlərin təşviqat plakatları vurulub.

Məntəqə lazımi seçki prosesində istifadə olunan bütün ləvazimatlarla təchiz edilib. Binanın girişindəki lövhədə seçicilərin siyahısı yerləşdirilib. Səsvermə kabinələri quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü məntəqəyə gələ bilməyən seçicilərin səsvermədə iştirakını təmin etmək üçün 1 ədəd səyyar seçki qutusu ayrılıb.

A.Hacıyevin sözlərinə görə, seçkilərin dəqiq və şəffaf keçirilməsi üçün məntəqədə bütün işlər başa çatdırılıb. Məntəqə seçkiyə tam hazırdır. Qeydiyyata alınan seçicilərə çağırış vərəqələrinin paylanması da tam yekunlaşıb.

O deyib ki, məntəqədə 965 seçicinin iştirakı gözlənilir: “30 ildən sonra Ağdamda keçiriləcək seçkiyə böyük ruh yüksəkliyi ilə gedəcəyik. Çünki bu, bizim zəfər seçkimizdir. Bu seçkilərdə iştirak etmək çox qürurlandırıcı bir haldır. Ağdamda uzun bir ardan sonra seçki prosesində iştirak etmək, mənə elə gəlir ki, hər bir azərbaycanlı üçün böyük bir şərəfdir”.

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.