İqor Ponomaryov: “Sabah” bu gün istədiyimiz yerdə deyil”

İqor Ponomaryov: “Sabah” bu gün istədiyimiz yerdə deyil”

“Sabah” bu gün istədiyimiz yerdə deyil”.

Bunu “Report”a açıqlamasında “Sabah” klubunun idman direktoru İqor Ponomaryov komandanın çıxışı ilə bağlı danışarkən deyib.

Klub rəsmisi 20 turdan sonra 26 xalla 7-ci pillədə qərarlaşmalarına baxmayaraq, vəziyyəti dəyişmək gücündə olduqlarını bildirib: “Komanda ötən mövsüm çox yaxşı nəticələr göstərdi. Amma bu, futboldur, hər şey həmişə plan üzrə getmir. Keçmişlə yaşamaq olmaz. İndi hər növbəti oyuna motivasiya olmaq lazımdır. Vəziyyəti dəyişmək üçün hər şey etməliyik”.

Azərbaycan Premyer Liqasının XXI turunda “Sabah”ı bu gün “Turan Tovuz”la oyuna çıxaracaq İqor Ponomaryov məqsədlərinin qələbə qazanmaq olacağını söyləyib: “Turan Tovuz” yaxşı komandadır. Onlara qarşı çətin oyun gözləyir. Üstəlik, “Qarabağ”a Azərbaycan Kubokunda 1:7 hesablı məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən növbəti matça motivasiya etmək çətindir. Amma hər bir futbolçumuz peşəkardır. Onların bunun öhdəsindən gələcəklərinə inanıram”.

Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Turan Tovuz” görüşü saat 17:30-da başlayacaq.