Yunanıstanda nazirlik qarşısında partlayış törədilib

Yunanıstanda nazirlik qarşısında partlayış törədilib

Yunanıstanın paytaxtı Afina şəhərində Əmək və Sosial Müdafiə Nazirliyinin qarşısında partlayış törədilib.

“Birxeber.Az” yerli “ERT” dövlət televiziyasına istinadən xəbər verir ki, nəticədə ərazidə dağıntılar yaranıb.

Məlumata görə, nazirlik qarşısında partlayış törədiləcəyi ilə bağlı polisə məlumat daxil olub. Bundan sonra ərazidən insanlar təxliyə edilib, yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Törədilən partlayış Yunanıstanın Əmək və Sosial Müdafiə Nazirliyinə xəbərdarlıq sayılır.

Bildirilib ki, partlayışın məsuliyyətini “İnqilabçı Sinfi Özünümüdafiə” kimi gündəmə gələn bir təşkilat öz üzərinə götürüb.

İnformasiyaya əsasən, Yunanıstan parlamenti ölkədə gündəlik iş vaxtının 13 saata qədər artırılması ilə bağlı qanun layihəsini qəbul edib. Buna qarşı etiraz aksiyaları və tətillər keçirilib.

Bildirilib ki, iş rejiminin belə tənzimlənməsi gündəlik iş vaxtının 13 saata, həftəliyin isə 78 saata çatdırılmasına yol açıb. Yeni qanuna əsasən, bayram və bazar günləri işləmək də məqbul sayılır.