İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Siti” ilə xal fərqini 5-ə çatdırıb

İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Siti” ilə xal fərqini 5-ə çatdırıb

İngiltərə Premyer Liqasının 21-ci turunda “Bornmut” “Liverpul”u qəbul edib.

“Birxeber.Az” xəbər verir ki, matç “Din Kort” stadionunda baş tutub.

Oyunu Endrü Medlinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Qarşılıqlı hücumlar şəraitində keçmiş birinci hissədə favorit müəyyənləşməyib: hissənin sonuna doğru ev sahiblərinin hücumlarının kəsəri artsa da, bu, qol üçün yetərli olmayıb.

İkinci hissədə isə mənzərə tamamilə fərqli olub. 49-cu dəqiqədə Darvin Nunyes hesabda “qırmızılar”ı irəli çıxarıb. 70-ci dəqiqədə 28 yaşlı Dioqo Jota niderlandlı Qakponun ötürməsini qola çevirib. Cəmi doqquz dəqiqə sonra portuqaliyalı Jota dubla imza ataraq hesabı darmadağın həddinə çatdırıb. Ona məhsuldar ötürməni 20 yaşlı müdafiəçi Konor Bredli edib. Əlavə edilmiş üçüncü dəqiqədə uruqvaylı Nunyes də komanda yoldaşı kimi dubl edərək yekun hesabı müəyyənləşdirib – 0:4.

Beləliklə, 21 oyundan sonra “Liverpul” turnir cədvəlində vahid liderdir. Mersisayd təmsilçisinin 48 xalı var. “Qırmızılar”ın ən yaxın təqibçiləri “Mançester Siti” (ehtiyatında bir oyunu var), “Arsenal” və “Aston Villa”dır: hər birində 43 xal var. “Bornmut” isə bu məğlubiyyətdən sonra 25 xalla 12-ci pillədə qalıb. Komandanın bir oyun ehtiyatında olsa da, ilk onluğa girmək şansı yüksək görünmür. Belə ki, “albalılar”ı ilk onluğu qapayan “Nyukasl”dan 4 xal ayırır.