Prezident: Azərbaycan COP29-un uğurla keçirilməsi üçün BMT ailəsi ilə yaxından əməkdaşlıq etməyə hazırdır

Prezident: Azərbaycan COP29-un uğurla keçirilməsi üçün BMT ailəsi ilə yaxından əməkdaşlıq etməyə hazırdır

Beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür.

Birxeber.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edərkən bildirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan tərəfi bu tədbirin uğurla keçirilməsi üçün bu təşkilatla və bütün BMT ailəsi ilə yaxından əməkdaşlıq etməyə hazırdır.

Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsinin olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, COP29 ölkəmizdə keçirilən və ümumiyyətlə dünyada miqyasına görə ən çox iştirakçının qatıldığı tədbirlərdən biri olacaq.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfindən həm təşkilati, həm də tədbirin mahiyyəti nöqteyi-nəzərindən bütün zəruri addımlar atılır və bu baxımdan ölkəmiz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı yüksək qiymətləndirir. Azərbaycan Prezidenti COP29-un təşkili prosesinə könüllülərin də yaxından cəlb olunacağını deyib.

Dövlət başçısı qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar regional sülh gündəliyinin irəliləyə aparılması kontekstində əldə edilib və bu da ümumiyyətlə COP-un tarixində yeni bir inkişafdır.