BMT-nin faktaraşdırıcı missiyası Azərbaycandadır

BMT-nin faktaraşdırıcı missiyası Azərbaycandadır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil BMT-nin faktaraşdırıcı missiyasının artıq Azərbaycanda olduğunu və Azərbaycan tərəfi ilə səmərəli müzakirələr apardığını, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərinin yüksək qiymətləndirildiyini qeyd edib.

APA xəbər verir ki, o, bununla bağlı fikirlərini bu gün Prezident İlham Əliyev ilə görüşü zamanı bildirib.

Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının əməkdaşlarının Azərbaycanda müxtəlif sahələr üzrə tərəfmüqabilləri ilə çox məhsuldar görüşlər keçirdiklərini və müzakirələr apardıqlarını vurğulayıb.

O, COP29-un keçirilməsi üzrə Azərbaycanda yaradılmış təşkilat komitəsində qadınların yer almasını müsbət dəyərləndirib.

Qonaq qeyd edib ki, artıq COP-un 28 dəfə təşkil edilməsi və təmsil etdiyi təşkilatın heyətinin COP-un keçirilməsi üzrə zəngin təcrübəsini nəzərə alaraq BMT ailəsi olaraq Azərbaycanı dəstəkləməyə və təcrübələrini bölüşməyə hazırdırlar.