Lənkəranda 2024-cü ilin “Gənclər Paytaxtı”nın rəsmi açılış mərasimi keçirilib

Lənkəranda 2024-cü ilin “Gənclər Paytaxtı”nın rəsmi açılış mərasimi keçirilib

Lənkəranda 2024-cü ilin “Gənclər Paytaxtı”nın rəsmi açılış mərasimi keçirilib.

“Birxeber.Az”un cənub bürosunun xəbərinə görə, 2 Fevral - Azərbaycan Gəncləri Günü bağlı əsas tədbir ilk dəfədir Bakıdan kənarda baş tutub.

Heydər Əliyev Parkında keçirilən açılış mərasiminə rəsmi şəxslər, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri qatılıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov deyib ki, rəhbəriu olduğu rayonun 2024-cü il üçün “Gənclər Paytaxtı” seçilməsi, həmçinin Türk Dünyasının “Gənclər Paytaxtı” elan olunması təqdirəlayiq haldır. O bildirib ki, Lənkəran gəncləri öz əməli işləri ilə bu adı doğruldacaqlar.

İcra başçısı qeyd edib ki, Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi, eyni zamanda gələcək inkişafında, karyera fəaliyyətində uğur qazanması üçün bir çox istiqamətlərdə müxtəlif fəaliyyətlər həyata keçirilir: “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, maarifləndirilməsi, həmçinin şəxsi inkişafları gənclər siyasətinin əsasını təşkil edir”.

Gənclər və idman naziri Fərid Qayıbov gənclərin həyata keçirdiyi tədbirlərdən bəhs edərək bildirib ki, gənclər müxtəlif sahələrdə xüsusi fəallıq göstərirlər.

Lənkəranın 2024-cü il üzrə “Gənclər Paytaxtı” seçilməsi münasibətlə bütün lənkəranlıları, şəhərin gənclərini ürəkdən təbrik edirəm və bu seçimin ilboyu özünü doğruldacağına əminəm.

Sonra “Gənclər Paytaxtı”nın rəmzi açarı T.Qaraşova təqdim olunub.
Tədbirdə Prezident İlham Əliyevin sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqləndiklərinə görə təltif olunan şəxslərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları təqdim edilib.

Qeyd edək ki, 2012-ci ildən hər il paytaxt Bakı istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri "Gənclər Paytaxtı" elan olunur. Bundan əvvəl Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı, Göygöl, Tovuz, Mingəçevir şəhər və rayonları Azərbaycanın "Gənclər Paytaxtı" olmuşdu.