Prezident BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibini qəbul edib - YENİLƏNİB

Prezident BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edib.

"Report" xəbər verir ki, Bakının gözəlliyinin onda heyranlıq doğurduğunu deyən Saymon Stil COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Qonaq BMT-nin faktaraşdırıcı missiyasının artıq Azərbaycanda olduğunu və Azərbaycan tərəfi ilə səmərəli müzakirələr apardığını, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərinin yüksək qiymətləndirildiyini qeyd etdi. Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının əməkdaşlarının Azərbaycanda müxtəlif sahələr üzrə tərəfmüqabilləri ilə çox məhsuldar görüşlər keçirdiklərini və müzakirələr apardıqlarını vurğuladı. O, COP29-un keçirilməsi üzrə Azərbaycanda yaradılmış təşkilat komitəsində qadınların yer almasını müsbət dəyərləndirdi. Qonaq qeyd etdi ki, artıq COP-un 28 dəfə təşkil edilməsi və təmsil etdiyi təşkilatın heyətinin COP-un keçirilməsi üzrə zəngin təcrübəsini nəzərə alaraq BMT ailəsi olaraq Azərbaycanı dəstəkləməyə və təcrübələrini bölüşməyə hazırdırlar.

Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan tərəfi bu tədbirin uğurla keçirilməsi üçün bu təşkilatla və bütün BMT ailəsi ilə yaxından əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsinin olduğunu vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, COP29 ölkəmizdə keçirilən və ümumiyyətlə dünyada miqyasına görə ən çox iştirakçının qatıldığı tədbirlərdən biri olacaq. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan tərəfindən həm təşkilati, həm də tədbirin mahiyyəti nöqteyi-nəzərindən bütün zəruri addımlar atılır və bu baxımdan ölkəmiz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı yüksək qiymətləndirir. Azərbaycan Prezidenti COP29-un təşkili prosesinə könüllülərin də yaxından cəlb olunacağını dedi.

Dövlətimizin başçısı qeyd etdi ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar regional sülh gündəliyinin irəliləyə aparılması kontekstində əldə edilib və bu da ümumiyyətlə COP-un tarixində yeni bir inkişafdır.

Prezident İlham Əliyev Azərbaycanın milli və regional səviyyədə yaşıl enerjiyə keçid istiqamətində təşəbbüsləri barədə məlumat verdi, COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində səylərinə və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının daha da inkişafına təkan verəcəyinə əminliyini bildirdi.

Qonaq COP çərçivəsində Azərbaycanın sədrliyinin çox mühüm mövzuya – iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunduğunu və bunun COP-un gündəliyində duran ən vacib məsələlərdən biri olduğunu qeyd edərək, bu xüsusda çoxtərəfli diplomatiyanın və bütün tərəfdaşlarla inklüziv şəkildə işin aparılmasının vacibliyinə toxundu.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan həmişə çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verib və beynəlxalq təşkilatlarda, çoxtərəfli platformalarda daim çox fəal siyasət yürüdüb. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini və bunun Hərəkata üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi, ölkəmizin digər beynəlxalq təşkilatlarla da uğurlu əməkdaşlığını vurğuladı.

Görüşdə COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri, COP29 və COP30-a müvafiq olaraq ev sahibliyi edəcək Azərbaycan və Braziliya arasında üçtərəfli əməkdaşlığın vacibliyi vurğulandı.

15.39

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.