ƏSF: "Kreditorların Elektron Portalı məlumat əlçatanlığını təmin edəcək"

ƏSF: "Kreditorların Elektron Portalı məlumat əlçatanlığını təmin edəcək"

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) ötən il təqdimatını keçirdiyi ləğv prosesində olan (LPO) bankların Kreditorlarının Elektron Portalı istifadəyə hazırdır.

"Report" xəbər verir ki, portalın məqsədi bankların ləğvini şəffaf həyata keçirmək, bu barədə onların kreditorlarını vaxtında məlumatlandırmaq, kreditorlarla əlaqələri genişləndirmək, habelə onların maraqlarını qorumaqdır.

Elektronlaşmanın geniş vüsət aldığı bir zamanda, habelə COVID-19 pandemiyasını və gələcəkdə bu qəbildən olan mümkün təhlükələri nəzərə aldıqda Kreditorların Elektron Portalının istifadəyə verilməsi xüsusi əhəmiyyətə malikdir. Bu, şübhəsiz ki, LPO bankların kreditorları üçün məlumatların əlçatanlığının daha sadələşdirilmiş şəkildə təmin edilməsinə öz töhfəsini verəcək.

Kreditorlar portala “ASAN Login”dən istifadə etməklə daxil ola bilərlər. Hər bir istifadəçi “Müştəri kabineti”ndə ona aid məlumatların doğruluğunu yoxlaya, habelə yeni məlumat (əlaqə vasitələri) əlavə edə bilər. Kreditorlar həftənin 7 günü, günün 24 saatı, heç yerə getmədən, vaxtlarına qənaət edərək portal vasitəsilə hesabatlarla tanış olmaqla yanaşı, kreditlər üzrə təminat kimi yüklü edilmiş əmlakların girovdan azad edilməsi və vətəndaş qəbulu üçün tam şəffaf və onlayn şəkildə müraciət edə biləcəklər.

ƏSF-nin hədəfi ləğvedici təyin olunduğu bankların ləğv prosesinin daha effektiv və çevik şəkildə başa çatdırılmasıdır və portalın istifadəyə verilməsi Fond ilə LPO bankların kreditorları arasında məlumat mübadiləsində, habelə ləğv prosesinin sürətləndirilməsində böyük rol oynayacaq.